MARKETİNQ

15 Fevral

Nvidia-nın bazar dəyəri Alphabet-i ötüb

Nvidia-nın səhmləri 2,5 faiz artaraq 739 dollara çatdığı halda, ilin əvvəlindən şirkətin səhmlərindəki artım 50 faizə yaxınlaşıb.

Fins.az xəbər verir ki, bazar dəyəri 1,83 trilyon dollara çatan Nvidia, Amazon və Alphabet-i geridə qoydu.

Səhmləri bu gün 0,5 faiz artan Google-un ana şirkəti Alphabet-in bazar dəyəri 1,82 trilyon dollar olaraq hesablanıb.

Beləliklə, Nvidia ABŞ-ın üçüncü ən dəyərli şirkəti oldu, Alphabet isə dördüncü yerə düşdü.

Ölkənin ən dəyərli iki şirkəti 3 trilyon dollarla Microsoft və 2,8 trilyon dollarla Apple şirkətidir. ABŞ-ın pərakəndə nəhəngi Amazon təxminən 1,8 trilyon dollarlıq bazar dəyəri ilə beşinci yerdə qərarlaşıb.

Bir gün əvvəl Nvidia bazar dəyərinə görə Amazonu geridə qoyaraq dördüncü yerə yüksəlmişdi.

Keçən ilin may ayında şirkətin bazar dəyəri süni intellekt çiplərinə artan tələbin təsiri ilə 1 trilyon dollara çatıb.

Günel Məlikzadə
Fins.az