MARKETİNQ

24 Yanvar

Fransada Amazon-a 32 milyon avro cərimə

Fransa İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasının (CNIL) verdiyi açıqlamada, Amazonda iş fasilələrini diqqətlə ölçən və işçilərin potensial olaraq hər bir fasilə və ya fasiləyə haqq qazandırmaq məcburiyyətində qalmasına səbəb olan sistemin tətbiqinin qeyri-qanuni olduğu bildirilib. 

Fins.az xəbər verir ki, komissiya işçilərin fəaliyyətlərini və performansını izləmək üçün "həddindən artıq müdaxilə" olaraq xarakterizə etdiyi sözügedən sistemi quraşdırmaq üçün Amazon.com Inc-i günahlandırdı. Şirkətə 32 milyon avro cərimə kəsildiyi bildirilib və şirkətin işçilərin fəaliyyətini və performansını izləyən skaner sisteminin ənənəvi monitorinq metodlarından fərqli olduğu vurğulanıb. 

Açıqlamada komissiyanın sistem tərəfindən toplanan bütün məlumatların və işçilər üçün hazırlanmış statistik məlumatların 31 gün müddətində saxlanmasını "həddindən artıq" gördüyü, Amazon işçilərinin və ziyarətçilərin anbarlardakı video nəzarət haqqında kifayət qədər məlumatlandırılmadığı qeyd edilib. 

Fransadakı Amazon anbarlarında istifadə edilən söz mövzusu sistem, işçilərin müəyyən iş addımları arasında fasilələrinin nə qədər uzun olduğunu qeyd etmək üçün bir skanerdən istifadə edir.

Günel Məlikzadə
Fins.az