MARKETİNQ

12 Aprel

ChatGPT "chatbot"una - süni intellektə “hücum" olunub

Uelsin paytaxtı Kardiff şəhərindəki universitetlərdən birində maraqlı hadisə baş verib.

Yerli tələbələr akademik performanslarını (tələbələrin dərslərdə müvəffəqiyyət dərəcəsi) artırmaq üçün ChatGPT "chatbot"una sözün əsl mənasında hücum ediblər.

Fins.az xəbər verir ki, nəticədə süni intellektin köməyi ilə yazılmış kurs işləri və ev tapşırıqları müəllimlər tərəfindən müstəqil yazılmış işdən daha yüksək qiymətləndirilib.

Məlumata görə, təkcə yanvar ayında Kardiff Universitetinin "Wi-Fi" şəbəkəsi 14 000-dən çox tələbənin "chatbot"a girdiyini müəyyən edib. ChatGPT-nin imkanlarına bu səviyyədə maraq "qaynar" dərs dövrünə təsadüf edib ki, bu zaman birinci semestr üçün yekun işlərini təhvil vermək lazım gəlib.

Bəzi tələbələr KİV-ə müsahibələri zamanı bildiriblər ki, onlar həqiqətən ChatGPT-nin xidmətlərindən istifadə ediblər və bu da öz nəticəsini verib.

Tələbələrdən birinin sözlərinə görə, o, öz kurs işlərindən birini (2500 sözdən ibarət) ChatGPT vasitəsilə yazıb və çox yüksək qiymət alıb. Lakin özünün yazdığı ikinci kurs işi isə müəllimləri tərəfindən yaxşı qiymətləndirilməyib.

Kardiff Universitetinin başqa bir tələbəsi etiraf edib ki, o, ümumiyyətlə, bütün işlərini "chatbot"la yazıb.

Eyni zamanda tələbələr əmin ediblər ki, tapşırıqları düşünülmüş şəkildə yerinə yetiriblər, süni intellekt isə onlara yalnız məlumatları düzgün təhlil etməyə kömək edib.

Bununla belə universitet tərəfindən artıq bu "təhsil" üsuluna reaksiya verilib və söz verilib ki, akademik səhvlər siyahısına "AI-dən (ChatGPT) sui-istifadə" bəndi də əlavə ediləcək.