MARKETİNQ

07 İyul

Pandemiya Davamlı inkişaf məqsədlərinə nail olunmasını təhlükə altına qoyub

Koronavirus pandemiyası illər, bəlkə də onilliklər ərzində bəşəri inkişaf sahəsində baş verən tərəqqini heçə endirib. 

Bu barədə davamlı inkişaf sahəsində məqsədlər haqqında illik hesabatı beynəlxalq ictimaiyyətə təqdim edən BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Lyu Çjenmin bildirib.

Məruzənin dərc edilməsi 2015-ci ildə dünya liderləri tərəfindən qəbul edilmiş Davamlı İnkişaf Məqsədlərinə nail olunması məsələləri üzrə yüksək səviyyəli Foruma həsr olunub. Tarixi sənəd, insanların, ətraf mühitin vəziyyəti və iqlim dəyişikliyinə qarşı mübarizə də daxil olmaqla, həyatın bütün sahələrini əhatə edir və Yer kürəsində həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Araşdırmanın nəticələrinə görə, pandemiya bu vəzifələrin yerinə yetirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirib.

“Dünya 2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəliyin həyata keçirilməsində kritik an yaşayır”, - deyə BMT rəhbərinin müavini qeyd edib. - Qlobal yoxsulluq səviyyəsi 1998-ci ildən bəri ilk dəfə artıb. 2020-ci ildə 100 milyondan çox insan yenidən həddindən artıq yoxsulluq və xroniki aclıq şəraitinə düşüb. Ümumi iş saatlarının 8.8 faizi itirilib, bu da 255 milyon tam məşğulluqla iş yerinə bərabərdir. Əsas tibb xidmətlərinin göstərilməsində fasilələr ana və uşaq sağlamlığının yaxşılaşdırılması, immunizasiya ilə əhatə dairəsinin genişləndirilməsi və yoluxucu və qeyri-yoluxucu xəstəliklərin azaldılması kimi sahələrdə uzun illər ərzində əldə olunmuş irəliləməni təhlükə altına qoyub”.

Lyu Çjenminin sözlərinə görə, əhalinin ən yoxsul və həssas təbəqələri virusa yoluxma riskinə daha çox məruzdur və pandemiyanın iqtisadi təsirinin əsas ağırlığı da məhz onların çiyinlərinə düşüb. Vaksinlərin paylanmasında açıq-aşkar ədalətsizlik müşahidə olunur. İyunun 17-nə olan məlumata görə Avropa və Şimali Amerikada hər 100 nəfərə təxminən 68 vaksinasiya, Saxaradan cənubda yerləşən Afrika ölkələrində isə ikidən az vaksinasiya düşür. Dünyada milyonlarla uşaq yenidən məktəbə qayıtmamaq riski yaşayır.

"Pandemiya ilə bağlı iqtisadi artımın yavaşlamasına baxmayaraq, iqlim böhranı əhəmiyyətli dərəcədə davam edir. İstehsalat fəaliyyətindəki müvəqqəti ixtisar tullantıların azalmasına gətirdi, lakin 2020-ci ildə istixana qazlarının konsentrasiyası artmağa davam etdi və hətta yeni rekord səviyyələrə çatdı”, - deyə BMT-nin Baş katibinin müavini bildirib.

Lyu Çjenmin qeyd edib ki, 2021-ci il üzrə hesabat Davamlı İnkişaf Məqsədlərinə nail olmaq sahəsində narahatedici mənzərə yaradır. Pandemiyanın üzə çıxardığı "ağrı nöqtələri"ni aradan qaldırmaq üçün struktur dəyişikliklər lazımdır. Xüsusilə, sosial müdafiə sistemlərini əhəmiyyətli dərəcədə gücləndirmək, elmə, texnologiyalara və innovasiyalara investisiyaları artırmaq, inkişaf etməkdə olan ölkələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq, "yaşıl" energetika və sənayeyə investisiyaları artırmaq, mühüm qərarların qəbul edilməsi prosesində qadınların iştirakını genişləndirmək lazımdır.

"Biz bəşəriyyət tarixinin dönüş mərhələsindəyik, - deyə BMT rəhbərinin müavini vurğulayıb. – Hazırda qəbul etdiyimiz qərarlar və indiki hərəkətlərimiz gələcək nəsillər üçün taleyüklü nəticələr verəcək. Pandemiyadan çıxarılan düzgün nəticələr bəşəriyyətə mövcud və gələcək problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Gəlin bu onilliyi hərəkət, islahat və ümumbəşəri dirçəliş dövrünə çevirmək üçün fürsətdən istifadə edək”.