MARKETİNQ

16 Mart

“Stripe” ödəniş xidməti Silikon Vadisinin ən bahalı özəl şirkəti oldu

Ödəniş şirkəti olan “Stripe” son investisiya mərhələsində 600 milyon dollar cəlb etdiyini açıqlayıb.

Ümumilikdə investorlar şirkəti 95 milyard dollar dəyərində qiymətləndiriblər ki, Silikon Vadisinin özəl şirkətləri üçün rekorddur.

Beləliklə, “Stripe” dünyanın ən yüksək reytinqli üçüncü şirkəti olub. Birinci yeri 180 milyard dollar dəyərində qiymətləndirilən Çini “ByteDance” (“TikTok”un sahibi), ikinci yeri isə 108 milyard dollara olan “Ant Group” (çinli milyarder Cek Manın şirkəti) tutur.

Bildirilir ki, “Stripe” ödəniş xidmətinin sonuncu investisiya mərhələsində İrlandiyanın Milli Maliyyə İdarəetmə Agentliyi, “Allianz”, “Fidelity”, “Baillie Gifford”, “AXA” və “Sequoia Capital” iştirak edib. İlkin dövrlərdə “Stripe” xidməti “PayPal”ın qurucuları İlon Mask və Piter Tildən, o cümlədən “Y Combinator” akseleratorundan maliyyə cəlb edib. Şirkət qazandığı vəsaitlərlə Avropadakı işini genişləndirmək, İrlandiyadakı işçi heyətini 1000 nəfər artırmaq və 2021-ci ildə Braziliya, Hindistan və İndoneziyada xidmətə başlamaq niyyətindədir.

© Banker