MARKETİNQ

28 Yanvar

Lüks seqment satışları 30% azalıb

Koronavirus pandemiyası və bunun yaratdığı iqtisadi amillər səbəbindən 2020-ci il ərzində dünya miqyasında lüks kateqoriyalı malların satışında 30% azalma olacaq.

Bu barədə “Deloitte”nin “Dünya Lüks Mallar Sektoru 2020” qlobal araşdırmasındakı proqnozunda deyilir.

“Deloitte”nin MDB məkanında pərakəndə və topdansatış ticarət və paylama qrupunun direktoru Oksana Kojina bildirib ki, seqmentin keçən ilin nəticələri üzrə maliyyə yekununun daha sonra açıqlanacağına baxmayaraq, tədqiqatçılar müqayisə yolu ilə əvvəlki iki ilin məlumatlarına istinad edirlər.

Belə ki, 2019-cu ildə lüks sektorun qlobal ümumi gəliri 281 milyard ABŞ dolları təşkil edib. Bu, 2018-ci illə (247 milyard ABŞ dolları) müqayisədə 13,77% çoxdur.

“Bu məlumatlara əsasən, 2021-ci ildə lüks mallar bazarının gözlənilən bərpa müddəti 12-18 ay çəkə bilər”, - “Deloitte”dən qeyd ediblər.

Pandemiya seqmentdəki brendlər üçün motivator rolunu oynayıb və iqtisadi səmərəliliyinin artırılması üçün yeni yanaşmalar tətbiq etmək barədə düşünməyə vadar edib.

“Bu gün lüks mal istehsalçıları hər zamankından daha çox istehlakçı ilə qarşılıqlı əlaqə kanalları axtarırlar. Onlar fəaliyyətlərini əvvəllər görünməmiş miqyasda yenidən düşünür və dəyişdirirlər”, - “Deloitte” vurğulayır.

© Report