Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “ECOserve” (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması) layihələri çərçivəsində Kürdəmir rayonundan olan qadın fermerlərə dəstək göstərilib. Arıçılıq sahəsi üzrə fəaliyyət göstərmək istəyən qadınlar üçün arıçılıq təsərrüfatları yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, yaradılan arıçılıq təsərrüfatları ilə tanış olmaq məqsədi ilə 11 noyabr tarixində Kürdəmir rayonunun Garis-Əyribənd kəndində qadın arıçılarla görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Heiko Schwarz, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Ofisinin rəhbəri Karin Hörhan və layihələrə müraciət etmiş qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən natiqlər həyata keçirilən layihənin regionlarda məşğulluğun inkişafına və aqrar sektorda qadınların sayının artmasına töhfə verdiyini vurğulayıblar. Layihələr çərçivəsində göstərilən dəstək tədbirləri fermer təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı, həm də yeni təsərrüfatlar yaradaraq ölkədə aqrar sahənin inkişafını stimullaşdırır. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.

Layihələr çərçivəsində göstərilən dəstək tədbirlərindən Kürdəmir rayonunun Bağman, Garis-Əyribənd və Karrar kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Arıçılıq fəaliyyətinə başlamaq istəyən qadın fermerlər üçün arıçılıq sahəsi üzrə nəzəri və təcrübi modullardan ibarət təlimlər keçirilib. Təlimlər modulunu uğurla tamamlayan qadın arıçılar müvafiq sahə üzrə arı yeşikləri, arı ailələri və müxtəlif ləvazimatlarla (çərçivə, arıçı geyimi, mum əridən qurğu, arı şanı, bal süzən qurğu və s.) təmin olunublar. Həmçinin dəstək göstərilən arıçılar təsərrüfatların dayanıqlığının təmin olunması məqsədilə növbəti 1 il ərzində konsultasiya xidmətindən də yararlana biləcəklər.

Qeyd edək ki, layihələr çərçivəsində göstərilən dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.

SHARE THIS STORY

FacebookTelegramTwitter