İnflyasiyadan qazancla çıxmaq mümkündür ?

Hazırda dünyanın müxtəlif ölkələrində yüksək inflyasiya və yaranan risklər diqqət mərkəzindədir. Bunu nəzərə alaraq təbii ki, müəyyən qədər vəsaitə malik olan şəxslər o cümlədən banklardan kredit götürən vətəndaşlar,investorlar inflyasiyanın yaratdığı risklərdən maksimum səviyyədə qorunmaq üçün müəyyən üsullar axtarır. Bəs inflyasiyanın təsirindən qorunmaq və bu prosesdən minimum itki ilə çıxmaq üçün nə etmək lazımdır? Əgər siz illik 15%-lə kredit götürmüsüzsə, inflyasiya sizin faizlərinizin bir qismini ödəyir. Yəni, tutaq ki, bundan sonra ödəyəcəyiniz 100 manat kredit faizi artıq iqtisadi olaraq 150 manatdır. Bunu daha aydın ifadə etsək, siz pulu indikindən daha dəyərli olanda (inflyasiyadan qabaq) və indiki kredit faiz dərəcələrindən daha yaxşı şərtlərlə əldə etmisiz. Bu nümunədən də görünür ki, borcalan borcverən qarşısında qazanır. Lakin bunu qazanc kimi yox, itkinizi azaltmaq kimi adlandırsaq daha düzgün olar.
İnflyasiya pulumuzun alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bu, nəzəriyyədə tələbin təklifi üstələdiyi və ya tədiyyə balansının pozulması kimi göstərilir. Yəni, bazarda pul (tələb) var amma o pulu xərcləmək üçün kifayət qədər məhsul (təklif) yoxdur. Və bu da qiymət artımına səbəb olur. Dövlət bu balansı tarazlaşdırmaq üçün ilk növbədə faiz dərcələrini qaldırır və inflyasiyanın artım tempindən asılı olaraq faiz dəhlizini müəyyən edir.
Ötən həftə Mərkəzi Bank (MB) inflyasiya barədə açıqlama etdi və uçot dərəcəsi 7% müəyyən olundu. İlin sonuna kimi proqnozlaşdırılan inflyasiya gözləntisinin isə 9.5-10.5% olacağı açıqlandı. Pul kütləsinin izafi genişlənəcəyi halda MB sterilizasiya əməliyyatlarını aktivləşdirməyi planlaşdırır. Yəni artıq pul kütləsinin dövriyyədən çıxarılması ehtimalı var.
MB-ın açıqlamasına əsasən Azərbaycanın ticarət tərəfdaşı olan əksər ölkələrdə inflyasiyanın qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, sentyabrda illik inflyasiya hədəflə müqayisədə Azərbaycanın əsas ticarət tərəfdaşları olan iqtisadiyyatlarda – ABŞ-da 2.7 dəfə, Avrozonada 1.7 dəfə, Rusiyada 1.9 dəfə, Qazaxıstanda 1.5 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2.2 dəfə, Gürcüstanda 4.1 dəfə, Türkiyədə isə 3.9 dəfə yüksək olub. Yəni, inflyasiyanın xarici amillərlə bağlı olduğu vurğulanır.
Pulun zaman dəyərinə əsasən hər gün pulumuz nağd şəkildə qaldıqda dəyər itirir. Bunun üzərinə inflyasiya da hesablandığı təqdirdə itkilər çox olur. İnflyasiya prosesində insanlar iqtisadi olaraq 3 qrupa bölünəcək: çox itirənlər, az itirənlər və itirməyənlər.
Bəs inflyasiyadan ən az itki ilə çıxmaq üçün nə etmək lazımdır? Əlbəttə ki, pulumuzu düzgün xərcələməklə, yəni, gələcəyimizə investisiya etməklə. Azərbaycanda dövlət istiqrazları üzrə faiz dərəcələrinin xeyli aşağı düşməsi korporativ sektorun istiqraz buraxmaqla borclanmasına təkan verdi. Yəni təxminən 10%-lə prestijli şirkətlərin istiqrazlarına yatırım etməklə inflyasiya itkilərindən sığortalanmaq mümkündür.

Müəllif: Ramil Səmədov

“AzFinance” İnvestisiya Şirkətinin Aktivlərin idarə edilməsi şöbəsinin rəhbəri

İnvestisiya məsləhəti almaq istəyən şəxslər üçün; Əlaqə tel: (+994) 50 290 30 64

e mail: [email protected]

SHARE THIS STORY

FacebookTelegramTwitter