Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Vaseda Universiteti bir neçə yerli texnologiya şirkəti ilə birgə təbii fəlakətlər zamanı istifadə olunacaq insanabənzər robotların istehsalına start verir.
Finss.az xəbər verir ki, bu barədə məlumatı “Kyodo” agentliyi yayıb.
Universitet “Murata”, “Tmsuk” və “Sre Holdings” şirkətləri ilə əməkdaşlıq çərçivəsində 3 metr hündürlüyə və 300 kiloqram çəkiyə malik robotlar hazırlamağı planlaşdırır. Gələcəkdə bu robotlar saatda 5 km sürətlə hərəkət edə və 100 kiloqramdan çox yük daşımaq qabiliyyətinə malik olacaqlar.
Yeni texnologiyanın əsas məqsədi — Yaponiyada tez-tez baş verən zəlzələ və digər təbii fəlakətlər zamanı dağıntıların aradan qaldırılması və xilasetmə əməliyyatlarında insanlara yardım etməkdir.
Layihə çərçivəsində ilk test modelinin 2026-cı ilin sonunadək hazır olması, 2029-cu ildə isə genişmiqyaslı istehsala başlanması nəzərdə tutulur.
Fuad Mədətov
Finss.az
