Finss.az - FINTEX SUMMIT 2025 tədbirində çıxış edən AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli maliyyə sektoru üçün nəzərdə tutulan yeni texnologiya – SİMA KYC barədə ətraflı məlumat verib.
O bildirib ki, bu texnologiya banklar və digər maliyyə qurumlarına vətəndaşların şəxsiyyətini real vaxtda yüksək dəqiqliklə və etibarlılıqla təsdiqləməyə imkan yaradır. Artıq ölkədə təxminən 20 qurum bu sistemdən aktiv şəkildə istifadə edir.
SİMA KYC-nin Azərbaycan Mərkəzi Bankının məsafədən bank hesabı açılması ilə bağlı tələblərinə tam uyğun olduğunu vurğulayan Məşədihəsənli qeyd edib ki, bu texnologiya şəffaf və təhlükəsiz identifikasiya imkanı yaradır və ikifaktorlu autentifikasiya funksionallığı ilə seçilir.
“Vətəndaşlar artıq istənilən yerdən, istənilən vaxt mobil cihaz və ya kompüter vasitəsilə bank hesabı aça, müxtəlif əməliyyatları yerinə yetirə bilərlər”, – deyə o əlavə edib.
T.Məşədihəsənli bildirib ki, SİMA KYC yalnız maliyyə sektorunda deyil, dövlət sektorunda da tətbiq olunmağa başlanıb. Onun sözlərinə görə, bu yaxınlarda keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı iştirakçıların kimliyi məhz bu texnologiya vasitəsilə müəyyən edilib: “Bu addım başqasının əvəzinə imtahana daxil olma cəhdlərinin qarşısını almaq baxımından vacib rol oynayıb”.
SİMA KYC-nin geniş tətbiqi həm rəqəmsal təhlükəsizlik, həm də proseslərin sürətləndirilməsi baxımından Azərbaycanın rəqəmsal transformasiya strategiyasına ciddi dəstək verir.
Fuad Mədətov
Finss.az
