Finss.az - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 23894:2025 “İnformasiya texnologiyaları – Süni intellekt – Risklərin idarə edilməsi üzrə təlimat”, AZS ISO/IEC 23053:2025 “Maşın öyrənməsindən istifadə edən süni intellekt sistemləri üçün çərçivə sənədi”, AZS ISO/IEC 24029-2 2025 “Süni intellekt – Neyron şəbəkələrinin dayanıqlılığının qiymətləndirilməsi” dövlət standartları qəbul edilib.
AZSTAND-dan redaksiyamıza verilən məlumata görə, sözügedən dövlət standartları süni intellekt sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyənləşdirir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd süni intellekt sistemlərinin müxtəlif platformalarda və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini gerçəkləşdirməkdir.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.