IKT

30 May

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

Finss.az - “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb. Səhmdar Cəmiyyətin əsas rəqəmsal resursları tam şəkildə AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib. “AzInTelecom” tərəfindən “AzerGold”a “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Zemfira Ms
Finss.az