Finss.az - Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI şirkəti, ChatGPT xidmətinə artan tələbatı nəzərə alaraq Cənubi Koreyanın paytaxtı Seulda ilk ofisini açmaq niyyətindədir.
Şirkət artıq Asiyada biznes bölməsi yaratdığını açıqlayıb. Məlumatlara görə, Cənubi Koreya ChatGPT-nin ödənişli abunəçilərinin sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Bu səbəbdən OpenAI ölkədə tərəfdaşlıqlar qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün işə qəbul prosesini davam etdirir.
OpenAI-nin strategiya direktoru Ceyson Kvoun bildirib ki, Cənubi Koreyanın inkişaf etmiş süni intellekt ekosistemi, həm hardware, həm də proqram təminatı sahəsindəki gücü ilə dünya bazarında önəmli yer tutur.
Şirkət tərəfdaşlıqlar və işə qəbulla bağlı daha geniş məlumatları yaxın aylarda paylaşmağı planlaşdırır.