IKT

19 May

Nvidia Çində yeni Sİ çipi tədarük edəcək

Finss.az - Nvidia, ABŞ-ın ixrac məhdudiyyətlərinə uyğun olaraq Çində istifadəyə veriləcək yeni süni intellekt çipinin tədarükünə yaxın aylarda başlayacaq.

Bu barədə "Nikkei Asia" məlumat yayıb. Yeni çip əvvəlki nəsil Hopper arxitekturası əsasında hazırlanacaq və yüksək sürətli yaddaş (HBM) ilə təchiz olunmayacaq. Bu, onu Nvidia-nın hazırda Çində satdığı H20 modelindən daha az məhsuldar edir. H20 bu ilin əvvəlinə qədər ölkədə şirkətin ən çox satılan məhsulu olub və DeepSeek, Bytedance, AlibabaBaidu kimi texnologiya nəhəngləri tərəfindən geniş şəkildə istifadə olunub.

Mənbələrin bildirdiyinə görə, Nvidia eyni zamanda flaqman məhsulu olan Blackwell seriyasının modifikasiya olunmuş versiyasını da Çin bazarı üçün hazırlayır. Bu modelin 2025-ci ilin sonlarında istifadəyə verilməsi gözlənilir və o da HBM yaddaşı olmadan təqdim ediləcək. Hər iki məhsulun məhdudlaşdırılmış texniki imkanlarla təqdim olunması ABŞ hökumətinin ixrac nəzarəti qaydalarına uyğunluq məqsədi daşıyır.

Şirkətin bu addımı, ABŞ-ın Çinlə bağlı texnologiya ixracına qoyduğu məhdudiyyətlərin sərtləşdirildiyi bir dövrdə, Nvidia-nın ölkədəki mövcudluğunu qorumağa çalışması ilə əlaqələndirilir. Qeyd edək ki, 2024-cü ildə Nvidia-nın ümumi gəlirinin təxminən 14%-i Çin bazarından əldə olunub.

Şirkətin baş direktoru Censen Huanq, Çin çip bazarının yaxın illərdə 50 milyard dollarlıq bir həcmlə əhəmiyyətli dərəcədə böyüyəcəyini vurğulayıb. Lakin Huawei kimi yerli istehsalçıların artan rəqabəti və ABŞ-ın yeni ticarət məhdudiyyətləri Nvidia-nın bu bazardakı payına ciddi təsir göstərə bilər.