Finss.az - Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mart ayından ölkədə internet telekommunikasiya xidməti göstərən operator və provayderlər tərəfindən quraşdırılmış “Ookla” şirkətinin “Speedtest” serverlərinin performans və əməliyyat göstəricilərinin qiymətləndirilməsinə başlayıb. Hazırda mövcud olan 38 serverdə aşkarlanmış nöqsanlar operator və provayderlərə təqdim olunub. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlimlər və müzakirələr keçirilib.
Bəzi “Speedtest” serverlərində performans və əməliyyat göstəricilərinin çatışmazlıqları aşkarlanıb, məsələn, şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olduğu, server proqram təminatının köhnə olduğu, SSL sertifikatlarının yenilənmədiyi hallar olub.
Qeyd olunan hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olurdu.
Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərinin aradan qaldırılmasına nail olunub.
Tənzimləyici qurum tərəfindən sözügedən istiqamətdə tədbirlər davam etdirilir. Aşkar edilmiş boşluq və çatışmazlıqların aradan qaldırılması üçün operator və provayderlərlə birgə addımlar atılır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Zemfira Ms
Finss.az