IKT

24 Mart

Fiber-optik internetə qoşulan məktəblərin sayı 1,8 minə çatıb

2024-cü ildə təhsil müəssisələrinin əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılıb, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin sonuna ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb, 2026-cı ilin sonuna isə bu nisbətin 1:8 olması nəzərdə tutulur.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, ölkə üzrə 4,2 min təhsil müəssisəsi internet bağlantısı ilə təmin olunub ki, bunların 1,8 mini fiber-optik, 1,7 mini simsiz və 777-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.

“Dövlət investisiya xərcləri hesabına məktəblərin fiber-optik şəbəkəyə qoşulması intensivləşib. 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil etdiyi halda, hazırda bu göstərici 1,8 min olub”,- deyə məlumatda bildirilib.