IKT

04 Mart

Aqil Əsədov: İnteqrasiya proseslərinin rəqəmsallaşdırılması zamanın tələbidir

Finss.az - İnformasiya texnologiyalarının inkişafı və inteqrasiya proseslərində rolunun artması rəqəmsallaşmanın əhatə dairəsini sürətlə genişləndirir.  Beynəlxalq əlaqələrin intensivləşdiyi, həmçinin yük daşınmalarının şaxələndiyi dövrdə rəqəmsallaşma zərurəti daha da artır. Bu baxımdan Azərbaycan və Qazaxıstan hökumətləri arasında Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, imzalanan sənəd “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm tərkib hissəsidir və rəqəmsal nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış növbəti addımdır. Ümumilikdə, Sumqayıt və Aktau şəhərləri arasında 380 km-lik məsafəni Xəzərin dibindən (sualtı) çəkilməklə əlaqələndirəcək kabel yüksək sürətli internet bağlantısını təmin edəcək ki, bu da rəqəmsal nəqliyyat dəhlizinin formalaşmasını tezləşdirərək tranzit daşınmaları üçün cəlbediciliyi artıracaq.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” sürətli internet əlaqələrini təmin edəcək ki, bu da ölkələrarası elektron sənəd dövriyyəsi və çevik məlumat mübadiləsi üçün çox vacibdir. Beynəlxalq daşımaların daha səmərəli və çevik təşkili baxımından fiber-optik kabelin əhəmiyyəti danılmazdır. Sualtı kabelin çəkilişi daşınmalara dair məlumatların, tranzitə dair normativ-hüquqi bazada edilən dəyişikliklərin, sərhəd-keçid məntəqələrində olan mövcud vəziyyətin daha çevik şəkildə müxtəlif ölkələrə, daşıyıcı şirkətlərə çatdırılması istiqamətində müsbət təsirini göstərəcək. 

Aqil Əsədovun sözlərinə sörə, Transxəzər fiber-optik kabel xətti məlumatların daha sürətli və stabil ötürülməsinə imkan verəcək ki, bu da internet istifadəçilərinə daha yüksək keyfiyyətli xidmətlər vəd edir, eləcə də internet bağlantılarının daha etibarlı olmasına kömək edir. Fiber-optik kabelin yüksək məlumat ötürmə qabiliyyəti sayəsində müxtəlif xidmətlər, o cümlədən video axını, bulud xidmətləri və məlumat mərkəzləri daha səmərəli işləyə bilər.

Bu kabel xətti Xəzər regionunun dünya ilə əlaqəsini möhkəmləndirəcək və əhəmiyyətli beynəlxalq kommunikasiya bağlantılarını təmin edəcək. Bu, bölgədəki iqtisadi və sosial əlaqələrin inkişafına kömək edə, eyni zamanda region ölkələri arasında informasiya mübadiləsinin daha sürətli və effektiv şəkildə həyata keçirilməsini təmin edə bilər. Məlumatların daha sürətli ötürülməsi ilə ticarət və biznes əlaqələrinin genişlənməsi, investisiya qoyuluşları daha asan və sürətli həyata keçirilə bilər.

Bu tip yüksək texnologiyalı infrastruktur layihələri, həmçinin innovasiyaların inkişafını təşviq edəcək. Xəzər regionu üçün bu cür layihələr, məlumat ötürülməsinin daha sürətli və daha etibarlı şəkildə həyata keçirilməsini təmin edərək, yeni texnologiyaların tətbiqinə və daha geniş bir bazara daxil olmağa imkan verəcək.

İİTKM-in şöbə müdiri əlavə edib ki, fiber-optik kabel xətti Xəzər regionunda enerji və nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə paralel olaraq, informasiya infrastrukturunun gücləndirilməsinə xidmət edəcək. Beləliklə, “Rəqəmsal İpək Yolu”nun yaradılması tezləşəcək ki, bu da Xəzər dənizi boyunca regionlar arasında əlaqələri gücləndirmək və beynəlxalq kommunikasiya şəbəkələrini inkişaf etdirmək baxımından vacibdir. Qeyd edilənlər, dövlət başçısı İlham Əliyevin “...biz, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq” ifadələrinin reallığa çevrilməsinin daha bir nümunəsi olaraq, layihənin həm texnoloji, həm də iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik olduğunu ifadə edir.

Zemfira Ms
Finss.az