Finss.az - OpenAI-nin sabiq texniki direktoru Mira Murati süni intellekt sahəsində yeni startapını yaradıb.
“Thinking Machines Lab” adlı bu startap daha əlçatan və adaptiv intellektual sistemlərin yaradılmasını hədəfləyir. Murati bildirib ki, startapın faəliyyəti tam şəffaf olacaq, texniki araşdırmalar və kodlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək. “Thinking Machines Lab” şirkəti tam avtomat sistemlər hazırlamaqdan çox, insanlara süni intellektlə işləməkdə kömək edəcək məhsullara fokuslanacaq. Şirkətin yaydığı press-relizdə “Biz elə bir gələcək qururuq ki, hər kəsin bilik və alətlərə çıxışı olsun, süni intellekti öz unikal ehtiyac və məqsədləri üçün işlətsin” deyə vurğulanıb.
Murati artıq startap üçün komanda formalaşdırır. OpenAI-nin həmtəsisçisi Con Şulman araşdırmalar üzrə rəhbər təyin olunub. OpenAI-də çalışmış Barrett Zoff texniki direktor vəzifəsini öz üzərinə götürəcək. Həmçinin, OpenAI-nin xüsusi layihələr şöbəsinin sabiq rəhbəri Conatan Laxman da startapa qoşulub.
Bildirilib ki, Murati indiyədək OpenAI, Character.AI və Google DeepMind kimi aparıcı şirkətlərdən təxminən 10 aparıcı tədqiqatçı və mühəndisi öz startapına cəlb edib. Hazırda kadr qəbulu davam edir və şirkətin rəsmi saytında vakansiyalar elan olunub.
Qeyd edək ki, Murati 2024-cü ilin sentyabrında OpenAI-dən ayrıldığını açıqlamışdı. Bir ay sonra onun yeni startapı üçün investisiya cəlb etməyə başladığı məlum olub.
OpenAI-nin digər həmtəsisçisi İlya Sutskever də 2024-cü ilin mayında şirkətdən ayrılıb. O, iyun ayında Kaliforniya və İsraildə ofisləri olan “Safe Superintelligence Inc.” (“Təhlükəsiz Süperintellekt”) şirkətini yaratdığını elan edib. Layihənin məqsədi təhlükəsiz süperintellekt hazırlamaqdan ibarətdir. 2024-cü ilin sentyabrında şirkət 1 milyard dollar investisiya cəlb edib, bu da onun dəyərini 5 milyard dollara çatdırıb. Hazırda yenidən investisiya raunduna hazırlaşır və şirkətin dəyərinin 20 milyard dolları ötməsi gözlənir.