İdman

01 İyul

Qurbanov: Fiziki durum hələ istədiyimiz səviyyədə deyil

Finss.az - "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə keçirilən yoxlama matçından sonra fikirlərini klubun rəsmi saytına açıqlayıb.

O, 4:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ tam qaydasında deyil. Onlardan yüksək dinamikli oyun tələb etmək düzgün olmazdı. Komandanın fiziki durumu hələ istədiyimiz səviyyədə deyil. Ümumən oyunçuları daha yaxşı gördüm, lakin bəzi qəbulolunmaz səhvlər var idi. Onları burada görməyimiz daha yaxşıdır. İnşallah, Avstriya toplanışında çatışmazlıqlara daha çox diqqət ayıracağıq."

Baş məşqçi transfer çalışmalarının davam etdiyini vurğulayıb:
“Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Qarşıdakı günlərdə, yaxud bir aydan sonra reallaşa bilər. Çalışırıq ki, təkcə bir yox, bir neçə transfer edək."

Qurbanov futbolçuların fiziki durumundan tam razı olmadığını bildirib:
"Hələ o səviyyədə deyilik. Milli komandanın oyunçularının istirahətə vaxtı az olduğu üçün onların fiziki durumu yaxşı deyil. Digərləri isə məşqlərdə yüklənmələri daha rahat qəbul edirlər."

Baş məşqçi həmçinin, internetdə yayılan “Qarabağ”la müqaviləsinin bu gün başa çatması barədə məlumatlara da münasibət bildirib:
"Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir."

Qurbanov Çempionlar Liqasındakı potensial rəqiblərin oyununu izləmək üçün köməkçilərindən kimisə göndərmək niyyətində olduqlarını da qeyd edib.

“Zaqreb Dinamo”nun müdafiəçisi Sami Mmaenin “Qarabağ”ın transfer siyahısında olub-olmaması sualına isə qısa cavab verib:
“Ola bilər siyahıda olsun.”