Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
Fins.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov kamandan oxatmanın qədim və önəmli idman növü olduğunu bildirib. O, iştirakçılara gələcək beynəlxalq yarışlarda müvəffəqiyyətlər, sağlam həyat tərzi arzulayıb. A.Məmmədov yerli yarışların milli komandanın formalaşması baxımından əhəmiyyətindən də bəhs edib.
Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev isə çempionatın təşkili üçün yüksək səviyyədə hazırlıq gördüklərini bildirib. O, növbəti illərdə də kamandan oxatmanın inkişafı üçün əllərindən gələni edəcəklərini söyləyib.
Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub. Dövlət Himni səsləndirildikdən sonra idmançılar sıralama atışları ilə yarışa start veriblər.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparır. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.
Çempionata fevralın 7-də yekun vurulacaq.