İDMAN

13 Dekabr

Məğlubiyyətlər və reytinqlərdə geriləmə baş məşqçinin gələcəyə ümidlə baxmağına mane olmur

"Qarabağ" UEFA Avropa Liqasının VI turunda İsveçin "Elfsborq" komandasına 1:0 hesabı ilə məğlub olub. "Buros Arena"da keçirilən qarşılaşmada meydan sahiblərinin yeganə qolunu 57-ci dəqiqədə Ahmed Kasem vurub.

Fins.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov görüşün sonunda mətbuat konfransında belə deyib: "Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar, amma futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük. Futbolçularım çox əziyyət çəkdilər və onlara təşəkkür edirəm. Hər halda irəlidəki oyunlara baxacağıq, daha da böyümək üçün. Avropa Liqasının bu ilki oyunları bizim üçün böyük təcrübə oldu."

Qurbanov, komandalarının bu mövsümdə Avropa Liqasının 6 oyunundan 5-də məğlub olduqlarını qeyd edərək, bunun üzərində çox dayanmağın lazım olmadığını və pozitiv şəkildə irəlidəki oyunlara baxmaq lazım olduğunu vurğulayıb. O, futbolçuların yorğunluğuna da toxunub: "Bəzən görürsən ki, futbolçuların yorğun halları olur. Azarkeşlərin hisslərini başa düşürəm, amma hər oyuna qələbə üçün çıxırıq."

Məşqçi, qış transfer dövründə yeni oyunçular cəlb etməyə çalışacaqlarını bildirib: "Hər il komandaya yeni futbolçular cəlb etmək istəyirik. Ancaq bu o demək deyil ki, əlimizdəki oyunçuları göndərməyi düşünürük. Yeni futbolçu axtarışındayıq və transfer dönəmində bir neçə yenilik etmək istəyirik."

Görüşdə "Qarabağ"ın müdafiəçilərindən Bəhlul Mustafazadə və Kevin Medina zədələndiyi üçün, baş məşqçi bu dəfə Mateus Silvaya müdafiənin mərkəzində şans verib və onun oyunundan razı qaldığını bildirib. Lakin hər hansı bir əlavə zədə vəziyyətində, komandada mövqeyini tutacaq başqa müdafiəçi olmadığına da diqqət çəkib.

Bu məğlubiyyət, Azərbaycanın UEFA reytinqində bir pillə geriləməsinə səbəb olub. Azərbaycan, 19.625 əmsalla 28-ci sırada yer alır. "Qarabağ"ın məğlubiyyəti ilə Bolqarıstan 19.625 əmsalla 27-ci sıraya yüksəlib.

İsveçin "Elfsborq" komandasının baş məşqçisi Oskar Hilyemark isə qalibiyyətin sevindirici olduğunu bildirib: "Komandamla fəxr edirəm. Meydan çox sürüşkən idi, amma bu qalibiyyət Milad bayramından əvvəl çox vacib idi. Növbəti mərhələ şansımızın artırılması üçün qələbə əldə etməli idik. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik."

"Qarabağ"ın növbəti Avropa Liqası oyunu gələn il, 23 yanvar tarixində Rumıniyanın FCSB komandası ilə olacaq.
 

Zemfira Ms
Fins.az