İDMAN

12 Dekabr

UEFA Avropa Liqası: "Qarabağ" bu dəfə fanatların üzünü güldürə biləcəkmi?

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Qarabağ" İsveçin "Elfsborq" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Buros şəhərində yerləşən "Buros Arena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oyunu portuqaliyalı baş hakim Antoniu Nobre idarə edəcək.

Fins.az xəbər verir ki, hazırda "Qarabağ" 3 xalla 32-ci pillədə qərarlaşıb, "Elfsborq" isə 4 xalla 28-ci yerdədir. Bu oyun hər iki komanda üçün 2024-cü ilin Avropa Liqasındakı son qarşılaşması olacaq və mərhələni uğurla başa vurmaq baxımından əhəmiyyətlidir.

"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark oyunun çətin keçəcəyini bildirib və "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər olduğunu vurğulayıb:

"Rəqib fərdi ustalığa malik yaxşı futbolçulardan ibarətdir. Ancaq onların müdafiəsində zəif cəhətlər var. Şanslarımızı yüksək qiymətləndirirəm və sabahkı matçı səbirsizliklə gözləyirəm."

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə oyunun vacibliyini qeyd edib və heyətdəki itkilərə diqqət çəkib:

"Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəhlul Mustafazadə və Kevin Medina zədə səbəbindən iştirak edə bilməyəcəklər. Suni örtük zədəli oyunçular üçün əlavə risk yarada bilər. Çalışacağıq ki, bizə sərf edən nəticəni əldə edək."

Futbolçu Marko Veşoviç komandanın qələbəyə böyük ehtiyacı olduğunu vurğulayıb:

"Bu oyunda qələbə qazanmaq istəyirik. Yaxşı hazırlaşmışıq və ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik. Qələbə ilə Bakıya dönüb azarkeşlərimizi sevindirmək istəyirik."

Matçın detalları

  • Tarix: 12 dekabr
  • Saat: 00:00 (Bakı vaxtı)
  • Mekan: "Buros Arena", Buros, İsveç
  • Baş hakim: Antoniu Nobre (Portuqaliya)

Zemfira Ms
Fins.az