İDMAN

15 Oktyabr

Millinin növbəti məğlubiyyətindən sonra nələr baş verib?

Azərbaycan millisi dünən axşam Millətlər Liqasının IV turu çərçivəsində Slovakiya ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda baş tutan matç millinin növbəti məğlubiyyəti ilə yekunlaşıb. Oyun 1:3 hesabı ilə Slovakiyanın xeyrinə bitib və bu nəticə milli üçün dördüncü ardıcıl məğlubiyyət olub.

Fins.az, matçdan sonra baş verənləri oxucuların diqqətinə təqdim edir:

Matçın ilk hissəsində Azərbaycan millisi yaxşı müqavimət göstərsə də, rəqib komanda daha üstün oyun sərgiləyib. İkinci hissədə isə milli komanda Mahir Emrelinin qırmızı vərəqə alması ilə azlıqda qalıb. Bu, komandanın oyununa ciddi təsir edib və Slovakiya iki dəfə fərqlənərək üstünlüyü ələ alıb.

Slovakiya ilə oyunda 1:3 hesablı məğlubiyyət Azərbaycan millisinin FİFA reytinqinə də təsir edib. Bu məğlubiyyətdən sonra yığma ümumilikdə 3,39 xal itirib. Bundan əvvəlki matçda Estoniyaya eyni hesabla uduzduğu üçün 7,97 xal itirmişdi.

Son iki görüşdə 11,36 xal itirən komandanın xalları 1161,79-a düşüb və yığma FİFA reytinqində 116-cı yerə geriləyib.

Matçdan sonra Slovakiya millisinin futbolçusu Lukas Haraslin oyunun çətin keçdiyini etiraf edib: "Azərbaycan millisi bizə təhlükələr yaradırdı. Layiqli qələbə qazansaq da, daha da yaxşı oynamalıyıq."

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş isə məğlubiyyəti şərh edərək, nəticəni "biabırçı" adlandırmadığını vurğulayıb: "Komanda yaxşı oyun göstərdi, lakin qırmızı vərəqə həlledici oldu. Vaxtla daha yaxşı nəticələrə nail olacağıq."

Santuş komandanın potensialına inandığını bildirib, lakin bunun üçün zaman və səbir lazım olduğunu vurğulayıb.

Mahir Emreli isə sosial şəbəkədə qırmızı vərəqə ilə bağlı azarkeşlərə müraciət edərək, milli komandada oynamağın onun üçün böyük şərəf olduğunu deyib: "Tənqidlərə açığam və gələcəkdə daha yaxşı nəticələr qazanmaq üçün çalışacağam."

Azərbaycan millisinin növbəti oyunu noyabrın 16-da Estoniyaya qarşı olacaq. Bu dəfə görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Zemfira Ms
Fins.az