İDMAN

11 İyul

Kolumbiyanın azlıqda qalib gəldiyi yarımfinal matçı dava ilə bitib

Kolumbiya milli futbol komandası uruqvaylı rəqiblərini yenərək Amerika Kubokunun finalına vəsiqə qazanıb. Gərgin keçən oyundan sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında dava düşüb.

Fins.az xəbər verir ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən oyun kolumbiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu ilk hissənin sonunda İngiltərənin “Kristal Pelas”ında yarımmüdafiə mövqeyində çıxış edən 30 yaşlı Cefferson Lerma vurub. Birinci hissəyə əlavə edilmiş vaxtda isə “Kristal Pelas”ın bir başqa oyunçusu Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Matçın favoritləri sayılan uruqvaylıların təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib. Beləliklə, Kolumbiya qitə yarışmasının finalına çıxıb. Komandanın rəqibi Argentina yığması olacaq.

Oyundan dərhal sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava düşüb. Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında “Liverpul”un hücumçusu Darvin Nunyes və “Barselona”nın müdafiəçisi Ronald Arauxo olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.

“El Observador” nəşrinə qarşıdurmanın səbəblərini açıqlayan Uruqvay millisinin müdafiəçisi Xose Ximenes bunun futbolçuların ailələrinin təhlükə altında olması ilə əlaqələndirib:

“Kolumbiyanın <…> azarkeşləri bütün ailələrimizə təhlükə yaratdılar və mikrofonla danışmağa imkan vermədilər. Bu fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara qalxmalı olduq. Bir dənə də olsun polis yox idi, onlar yarım saatdan sonra getdilər, biz isə özümüzküləri qoruyurduq. Hər oyun ailələrimiz içməyi bacarmayan iki-üç nəfərin ucbatından əziyyət çəkir”.

Kaira Agayeva 

Fins.az