İDMAN

16 Yanvar

Beşiktaşdan daha bir sağ cinah transferi?

Transfer cəhdlərini davam etdirən "Beşiktaş"ın İngiltərənin "Arsenal" komandasında çıxış edən sağ cinah müdafiəçisi Sedrik Soareşlə maraqlandığı iddia edilib.

Fins.az Portuqaliyanın Rekord qəzetinə istinadən xəbər verir ki, Premyer Liqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Soareş ara transfer dövründə bəzi komandaların hədəfinə çevrilib və təcrübəli futbolçuya ən çox maraq göstərən klub "Beşiktaş"dır.

Xəbər təfərrüatında qeyd olunub ki, ağ-qaralar hələ rəsmi təklif verməsələr də, son günlər portuqaliyalı futbolçu üçün təmaslarını gücləndiriblər. 

Fernando Santosun baş məşqçi təyin olunmasından sonra Beşiktaşın Soareşə marağını artırdığı vurğulanıb və portuqaliyalı çalışdırıcının öz vətəndaş futbolçusunun keyfiyyətlərini bildiyi və yüksək qiymətləndirdiyi bildirilib.

Mövsümün sonunda müqaviləsi bitəcək Sedrik Soareşin ara transfer dövründə "Arsenal"ın transferini asanlaşdıra biləcəyi iddia edilib.

Bu mövsüm 3 matçda meydana çıxan 32 yaşlı futbolçu 134 dəqiqə meydanda qalıb və komandasına nə qol, nə də məhsuldar ötürmə verə bilməyib.

Karyerasına “Sportinq” infrastrukturunda başlayan Sedrik Soareş “Sauthempton”, “İnter”, “Arsenal” və “Fulhem”də çıxış edib.

Günel Məlikzadə
Fins.az