Aprelin 29-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Neftçi Peşəkar Futbol Klubunun və “Neftçi İdman Klubu” İctimai Birliyinin dəstəyi ilə neft-qaz və neft-kimya müəssisələri arasında mini-futbol turnirinin final oyunu keçirilib.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində mini-futbol turnirindən bəhs edən videoçarx nümayiş etdirilib, daha sonra turnirin final qarşılaşmasına start verilib.
Bakı Tennis Akademiyasında keçirilən final oyununda “SOCAR Downstream Management” MMC-nin və "Suraxanı Oil" Əməliyyat Şirkətinin komandaları üz-üzə gəliblər. Qarşılaşma “SOCAR Downstream Management” MMC komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Üçüncü yer uğrunda qarşılaşmanın və final oyununun nəticələrinə uyğun olaraq “BOS Şelf” MMC turnirdə 3-cü yerə, "Suraxanı Oil" Əməliyyat Şirkəti 2-ci yerə, “SOCAR Downstream Management” MMC isə 1-ci yerə sahib olub.
Komandalar mükafat, diplom və medallar, həmçinin turnirin ən məhsuldar oyunçusu, ən yaxşı futbolçusu və ən yaxşı qapıçısı mükafat və diplomlarla təltif ediliblər.
Qaliblərə mükafatlar SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları Emin Mahmudov, Azər Salahlı, Aqil Məmmədov, Kenni Sayef və Kilan Lebon tərəfindən təqdim olunub.