“Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən bank filialları və digər kredit təşkilatlarının komandaları arasında təşkil olunmuş mini-futbol turnirinə start verilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, 12 aprel tarixində turnirin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev açaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrilib. Artıq günümüzdə Azərbaycan bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan da bəhs edilib. O, sonda turnir iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, ümumilikdə on iki komandanın iştirak edəcəyi turnirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank filialları və bank olmayan kredit təşkilatlarının komandaları mübarizə aparacaqlar.
Fuad Mədətov
Fins.az