Tovuz şəhərində növbəti “YAŞAT” idman düşərgəsinə start verilib.
Fins.az xəbər verir ki, 2 aprel tarixinədək davam edəcək düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətin dəstəyi ilə reallaşdırılır. Layihənin media dəstəkçisi isə ASAN Radiodur.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, “TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.
Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edəcək. Məqsəd sözügedən region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
İlk gündə açılış mərasiminin ardından iştirakçılar üçün stolüstü idman yarışları, “Turan Tovuz” futbol klubu ilə tanışlıq və əyləncə saatı təşkil olunub.
Ümumilikdə 4 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq. Həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.
“YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir.