Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb.
Fins.az xəbər verir ki, İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər.
Tixonov bu gün iki nominasiyada çıxış edib. Onun dəstəli atdakı performansı uğurlu alınmayıb. 27 yaşlı gimnast 13.100 xallıq çıxışla 19-cu olub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı əvəzində turnikdə təsnifatı 6-cı sırada tamamlayaraq, finalda iştirak hüququna yiyələnib. Onun çıxışı 13.933 xalla qiymətləndirilib.
Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub. Bu, onun finala yüksəlməsi üçün kifayət edib.
Teymurova və komanda yoldaşı Samirə Qəhrəmanova günün sonunda gimnastika tirində qüvvələrini sınayıblar. Burada Teymurova 11.333 xalla 24-cü yeri, Qəhrəmanova isə 11.100 xallıq çıxışla 30-cu yeri tutub.
Bir gün əvvəl Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla ən yaxşı nəticəni göstərərək, finala adlayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.