Fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.
Fins.Az Trend-ə istinadən bildirir ki, yarışlarda Azərbaycanı ötən il ölkəmizdə keçirilən dünya çempionatının gümüş mükafatçısı Selcan Maxsudova təmsil edəcək.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində Selcan Maxsudova qarşıdan gələn yarışa hazırlıqdan danışıb: "Məqsədim Bakıda keçiriləcək dünya çempionatında medal qazanmaqdır. Yarışa hazırlıq yaxşı gedir. Zədədən sonra yenidən formaya qayıtdım və məşqləri davam etdirirəm. Yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Bu yarışlarda çox məsuliyyətli çıxış edəcəm".
Selcan Maxsudova onu da vurğulayıb ki, ilin sonunda keçiriləcək dünya çempionatında əsas məqsədi 2024-cü il Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.
Batut üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin qeyd edib ki, Bakıda ənənəvi olaraq beynəlxalq turnirlər batut idmanı ilə başlayır.
"Ona görə də biz ləyaqətlə çıxış etmək və ən əsası yeni proqram nümayiş etdirmək istəyirik. Bakıda keçiriləcək Dünya Kuboku Olimpiya Oyunlarına lisenziya verilmir və bizim əsas vəzifəmiz Selcan Maxsudovaya yeni proqramı uğurla göstərməkdir", - o vurğulayıb.
Batut üzrə Azərbaycan yığmasının baş məşqçisinin sözlərinə görə, yarışın əsas hissəsi ilin ikinci yarısında başlayacaq, bu yarışlar zamanı gimnastlar xal qazanacaqlar.
"Beynəlxalq Gimnastika Federasiyası hələ hansı Dünya Kuboklarına lisenziya veriləcəyini açıqlamayıb. Amma əsas iş ilin ikinci yarısında başlayacaq. Ona görə də hazırlaşmaq, təqdim etmək istədiyimiz yeni kombinasiyanı sınaqdan keçirmək üçün vaxtımız var", Şulikin deyib.
Onun sözlərinə görə, Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya çempionatında ən güclü səkkiz idmançı arasında yer almaq lazımdır. Bu nəticə verməsə, o zaman xallar lisenziyalı dünya çempionatlarının nəticələrinə əsasən hesablanacaq: "2022-ci il kifayət qədər yaxşı keçdi. Həm Avropa, həm də dünya səviyyəli yarışlarda nəticələr əldə etdik. İdmançılar yaxşı çıxış etdilər. Bundan sonra da yalnız medalların sayını artırmaq üçün çalışacağıq. Qeyd edim ki, bu il ilk dəfə yeniyetmələrin dünya çempionatı keçiriləcək. Biz Hüseyn Abbasov, Maqsud Maxsudov və digər gimnastlardan böyük nəticələr gözləyirik, onlar da ötən il özlərini göstərmişlər".