Türkiyədə baş verən zəlzələdən sonra Superliqa təmsilçisi “Hatayspor” və birinci liqada mübarizə aparan “Yeni Malatyaspor” mübarizə apardıqları çempionatdan çəkilmək istəyir.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra ən çox dağıntılara məruz qalan Hatay və Malatya şəhərlərinin təmsilçiləri bunun üçün yerli federasiyaya müraciət edib.
Dünən “Yeni Malatyaspor”un 28 yaşındakı qapıçısı Ahmet Eyüp Türkaslanın dağıntılar altından cansız bədəni çıxarılıb. “Hatayspor”un aparıcı üzvü Kristian Atsu isə hələ də, dağıntılar altından çıxarılmayıb. Çempionatlara cəmi bir həftə fasilə verilməsini klublar ideal hesab etməyib. Hər iki klub bu mövsüm liqadan düşməmək şərtilə çempionatdan çəkilərək yeni mövsümdən liqaya qayıtmağı planlaşdırır.
“Sabah” qəzetinə danışan “Yeni Malatyaspor”un prezidenti bunları deyib:
“Federasiyanın verdiyi qərar sadəcə skandaldır. Hara baxırsan yerlə yeksan olub. Belə vəziyyətdə, 10 gün sonra matça çıxmağı əsla qəbul etmirik. Bir neçə gündən sonra idarə heyəti ilə görüşəcəyik və şərtlər dəyişməsə, çempionatdan çəkilmək qərarını verəcəyik”.