İngiltərə Premyer Liqasının rəhbərliyi “Mançester Siti”ni çoxsaylı maliyyə qaydalarını pozmaqda ittiham edib.
Qurum 2009/2010 mövsümündən 2017/2018 mövsümünə qədər “şəhərlilər”in 100-dən çox qanun pozuntusuna baxılması üçün müvafiq komissiyaya təqdim olunduğunu açıqlayıb.
Həmin mövsümlərin hər birində “Mançester Siti” rəhbərliyi maliyyə durumu ilə bağlı dəqiq məlumat verməyib. Xüsusən də, söhbət gəlirlərdən və xərclərdən gedir. Hətta Mançester təmsilçisinin 2013/2014, 2014/2015 və 2017/2018 mövsümlərində UEFA-nın klubların lisenziyalaşdırılması və Maliyyə Feyr-Pley qaydalarını pozduğu da vurğulanıb. Klub dörd ildir davam edən araşdırma ilə bağlı Premyer Liqa ilə əməkdaşlıqdan boyun qaçırıb və lazımi sənədləri təqdim etməyib.
Bu ittihamlarla bağlı məhkəmə prosesi bağlı qapılar arxasında aparılacaq. İddialar təsdiqlənsə, “Mançester Siti”nin xalları silinəcək.