İDMAN

02 Fevral

Azərbaycan taekvondoçuları Türkiyədə 2 beynəlxalq turnirdə iştirak edəcək

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası ilin ilk sınağına Türkiyədə çıxacaq.

Federasiyadan verilən məlumata görə, yığma fevralın 4-9-da İstanbulda təşkil olunacaq beynəlxalq “Prezident kuboku”nda, ayın 10-14-də açıq Türkiyə çempionatında mübarizə aparacaq.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov qardaş ölkədə 16 taekvondoçuya şans verəcək. Hər iki turnirdə Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü 54 kq), Qaşım Maqomedov, Ruslan Seyidov, Sədri Həmidreza (hər üçü 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (hər ikisi 68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (hər üçü 74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) dayanq üzərinə çıxacaqlar.

“Prezident kuboku”nda hakimlər sırasında Ramal Camalovla Aygül Abdullayeva da yer alacaq. Türkiyə açıq çempionatında isə Abdullayeva ilə yanaşı, Gündüz Abdullayev, Coşqun Nadirov və Elşad Məmmədov da referi kimi döyüşləri idarə edəcəklər.

Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik edəcəyi komanda Türkiyəyə bu gün yola düşəcək. Milli ayın 14-də isə Vətənə qayıdacaq.

Qeyd edək ki, taekvondoçularımız G-2 kateqoriyalı ilk yarışda fevralın 4-5-də, açıq çempionatda ayın 10-11-də gücünü yoxlayacaq.