İDMAN

30 Yanvar

Fənərbağçanın hücumçusu het-trik sayına görə yalnız Holandan geri qalır

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Enner Valensiya 2022/2023 mövsümündə het-trik sayına görə, Avropanın “Top-5” liqalarındakı futbolçulardan yalnız Erlinq Holandan geri qalır.

Fins.az-ın məlumatına görə, Super Liqanın XXI turunda “Kasımpaşa” ilə görüşdə (5:1) rəqib qapısından 4 top keçirən ekvadorlu hücumçu cari mövsüm ikinci dəfə bir matçda 3 və daha çox qol həddinə çatıb.

“Böyük beşlik” ölkələrindən yalnız İngiltərə təmsilçisi “Mançester Siti”nin forvardı Holan iki dəfədən çox het-trik müəllifi olub. Norveçli ulduz futbolçu cari mövsüm aktivinə dörd het-trik yazdırıb.

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə isə cəmi iki oyunçu bir görüşdə 3 qol vurmağa müvəffəq olub. “Qarabağ”ın hücumçusu Musa Qurbanlı VII turda “Zirə” üzərində 7:1 hesablı səfər qələbəsinə hətta pokerlə töhfə verib. XV turda isə Emin Mahmudov “Səbail” üzərində “Neftçi”yə qələbə qazandırıb. Məhz onun het-triki sayəsində “ağ-qaralar” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu mövsüm Enner Valensiya Super Liqada 19, Erlinq Holan Premyer Liqada 25 qolla bombardirlər yarışına başçılıq edirlər. Musa Qurbanlı və Emin Mahmudov isə Azərbaycan çempionatında müvafiq olaraq 13 və 10 qola imza atıblar.