Avropa, eləcə də Dünya Çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasının formatı dəyişəcək.
UEFA İcraiyyə Komitəsi turnirlərin seçmə və əsas mərhələsinin strukturunda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
AVRO və DÇ seçmə mərhələrində 4 və ya 5 komandadan ibarət 12 qrup yaradılacaq. Birinci yeri tutan komandalar çempionata birbaşa vəsiqə əldə edəcəklər. Qruplarda ikinci yeri tutan komandalar ya avtomatik olaraq əsas mərhələyə vəsiqə qazanacaqlar, ya da pley-offda iştirak edəcəklər (Millətlər Liqasındakı çıxışına görə Avropa çempionatına vəsiqə qazanmaq hüququ olan komandalarla birlikdə).
Dəyişikliklər Avro-2024-dən sonra, yəni DÇ-2026-nın seçmə mərhələsindən etibarən qüvvəyə minəcək.
UEFA həmçinin Millətlər Liqasının formatını əlavə pley-off mərhələsi ilə genişləndirəcək.
Avropa Futbol Assosiasiyaları İttifaqının icraiyyə komitəsinin iclasından sonra həm A Liqasının qruplarının qalibləri, həm də ikinci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin əlavə edilməsi qərara alınıb. Komandalar iki oyun keçirəcək - evdə və səfərdə. Bu tur mart ayında baş tutacaq.
A Liqasında 3-cü və B Liqasında 2-ci, eləcə də B Liqasında 3-cü və C Liqasında 2-ci yerləri tutan komandalar da yuxarı qalxmaq, ya da daha yüksək liqada yerlərini qorumaq hüququ üçün liqa matçları (ev və səfər) oynayacaqlar.
Mənbə: sports.ru