Dani Alves Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
Fins.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə matçda 126-cı dəfə “sambaçılar”ın formasını geyinib.
4:1 hesabı ilə qalib gəldikləri görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alveş keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. “Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.
Dani Alves, həmçinin Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçudur.
Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.