İDMAN

05 Noyabr

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

Fins.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.

Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.

73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.

81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.

70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.