İDMAN

01 Noyabr

“Qarabağ” - “Frayburq” oyununu belaruslu hakimlər idarə edəcək

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin VI turunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Fins.az-ın məlumatına görə, noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək:

“Qarabağ” – “Frayburq”

3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka

Dördüncü hakim: Dmitry Dmitryiev

VAR: Tiago Bruno Lopes Martins (Portuqaliya)

AVAR: Hugo Filipe Ferreira C. Moreira Miguel (Portuqaliya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Boriana Stoycheva (Bolqarıstan).

Baş hakim Aleksey Kulbakov azərbaycanlı azarkeşlərə yaxından tanışdır. Belə ki, belaruslu referi ilk olaraq 2011-ci ilin avqustun 10-da “Dalğa Arena”da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib. Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırıb, Kulbakov isə Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FIFA dərəcəli hakim daha əvvəl “Qarabağ”ın da oyununda əsas söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda “İnter”lə matçını (2:0) idarə edib. Kulbakov “İnter”dən Xuan Xesus və Qari Medeli, “Qarabağ”dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Belaruslunun Azərbaycan təmsilçilərinin iştirakı ilə sonuncu idarə etdiyi qarşılaşma isə 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçı olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.