İDMAN

25 Yanvar

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cari ildə heç bir rəsmi oyun keçirmədən dünya şahmatçılarının reytinqində öz mövqeyini yaxşılaşdırıb.

Şahmat ustası aktivindəki 2 770 xalla dünya sıralamasında 8-ci erdən 7-ci yerə yüksəlib. Bu, fransalı şahmatçı Maksim Vaşye-Laqravın ənənəvi “Tata Steel Masters” turnirindəki uğursuz çıxışı sayəsində mümkün olub.

Bugünlərdə Veyk an-Zeydə keçirilən turnirdə Laqrav 8 turdan sonra 18,8 xal itirərək, 2765,2 xalla dünya reytinqində 5-ci yerdən 10-cu yerə düşüb. O, itirdiyi xalların sayına görə ilk 10-luq şahmatçıları arasında rekordçudur. İkinci yeri rusiyalı Andrey Yesipenkoya məğlub olduqdan sonra 17,7 xal itirən hazırkı dünya çempionu Maqnus Karlsen tutur. Lakin böyük xal ehtiyatına görə, norveçli reytinqdəki irinciliyini qoruyub saxlayıb.

Yeri gəlmişkən, Məmmədyarov da Veyk an-Zeydəki turnirə dəvət alıb, lakin koronavirusa yoluxması səbəbindən orada iştirakdan imtina edib.

Digər şahmatçımız Teymur Rəcəbov isə şahmatçıların reytinqində ilk onluqdakı yerini itirərək, 2 765 xalla 11 yerə düşüb. Buna səbəb niderlandlı şahmat ustası Aniş Qirinin hesabını 3 xal artıraraq, 11-ci yerdən 9-cu yerə qalxması olub.