İDMAN

22 Sentyabr

Avropa çempionatına media qeydiyyatı dayandırıldı

Bu ilin noyabrında keçiriləcək cüdo üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.

Avropa Cüdo İttifaqının saytı xəbər verir ki, 8-10 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqada keçirilməli olan Avropa çempionatının vaxtında dəyişiklik edilib.

Belə ki, yarış 19-21 noyabra salınıb. Bu barədə Çexiya Cüdo Federasiyasının prezidenti Yirji Doleys və Avropa Cüdo İttifaqının çexiyalı vitse-prezidenti Mixal Vaxun məlumat yayıb.

Dəyişiklik Beynəlxalq Cüdo Federasiyasının təqvimi ilə bağlıdır. Bu yarış üçün 4500 tamaşaçı üçün bilet satılıb. Qurum ümid edir ki, pandemiya ilə əlaqədar vəziyyət düzələcək və həmin azarkeşlərin yarışın keçiriləcəyi O2 Arenasına buraxılmasında heç bir problem olmayacaq.

Həmçinin, media nümayəndələrinin də yarışa buraxılması sual altındadır. Bu səbəbdən KİV qeydiyyatı dayandırılıb. Situasiyadan asılı olaraq, media akkreditasiyası üçün qeydiyyat oktyabrın sonlarında elan olunacaq.

Qeyd edək ki, bu il həm də Xorvatiyanın Poreç şəhərində gənclərin və 23 yaşadək cüdoçuların, eləcə də, Latviyanın paytaxtı Riqada yeniyetmələrin Avropa çempionatının keçirilməsi planlaşdırılır. İlk yarışın tarixi tezliklə təsdiqlənməlidir. İkinci yarış isə noyabrda baş tutmalıdır.