"Keçən ili maliyyə baxımından qənaətbəxş hesab etmək olar. 2016-cı ildən klubdayam, çoxlu borclar və futbolçuların önündə öhdəliklər var idi. Bunların hamısı qaydasına düşüb. Son vaxtlar maliyyə göstəriciləri düzəlib və heç kimə borclu deyilik".
Fins.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib.
O bildirib ki, məqsədləri və hədəfləri problemləri aradan qaldırmaqdır. Eyvazov klubun ötənilki büdcəsi barədə də danışıb: "Təxminən bir ay əvvəl Muşahidə Şurasına hesabat verdik. Hesabatda maddi-texniki baza, gəlirlər və xərclər haqqında məlumat əksini tapıb. Əsas sponsor SOCAR-dır, onlarla əməkdaşlıq davam edir. Kluba UEFA-dan da vəsait daxil olub. Ötən mövsüm Avropa Liqasında 2 mərhələ adladıq. Bu, büdcəyə kifayət qədər təsir edib. Eyni zamanda uşaq futboluna görə UEFA-dan vəsait gəlir. Futbolçuların yığmada çıxış etməsinə görə də vəsait daxil olub. "Türk Hava Yolları" və "Mega Sığorta" da sponsorumuzdur. Ötən mövsüm digər daxilolmalar bilet satışından olub. Biz daim biletlər və bəzi atributlarımızı satırıq. Amma bunlar kifayət etmir. Təbii ki, nə qədər çox vəsait olsa, heç kim deyə bilməz ki, məni qane edir".
Eyvazov flaqmanın xərclərinin ötən mövsüm 13,1 milyon manat olduğunu sözlərinə əlavə edib: "Onun 50 faizinə qədəri əsas komandanın payına düşüb. Buraya tək futbolçuların əməkhaqqı daxil deyil. Onların qidalanmasından tutmuş, təlim-məşq toplanışına qədər hər şeyi əhatə edir".