FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik etməyi planlaşdırır.
Fins.az xəbər verir ki, yeni qaydaya əsasən, bəzi oyunçulara komandanı dəyişməyə icazə veriləcək. Futbolçu ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayıbsa, komandasını dəyişə bilər. Bundan əlavə, dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlər vətəndaşlıqlarını dəyişə bilməyəcək.
Hazırkı qaydaya görə, oyunçu milli komanda ilə bir rəsmi matç keçiribsə, ikinci yığmada oynaya bilməz. FIFA oyunçulara meydana çıxmadıqları təqdirdə ilk milli komandalarına qayıtmaqla bağlı icazə verilməsini istəyir. 211 milli federasiya qaydaları təsdiqləsə, yeni əsasnamə gələn aydan qüvvəyə minəcək. Bu, Azərbaycan yığması üçün də bəzi futbolçuların milliləşdirilməsində yardımçı olacaq.