"Səhhətimlə bağlı problem yoxdur. Xəstəlik məni yox, vitse-prezidentlərimizi və baş məşqçimizi tutdu. Bunun kimə yaxşı, kimə pis olduğunu bilmirəm".
Fins.az-ın məlumatına görə, bunu "Qalatasaray"ın prezidenti Mustafa Cengiz deyib.
İstanbul klubunun televiziya kanalına müsahibə verən klub rəhbəri koronavirus pandemiyasının Türkiyədə ən çox maddi ziyanı məhz onlara vurduğunu bildirib: "Belə vəziyyətdə ən çox zərbə ən böyüyə dəyir. Maddi cəhətdən də ən böyük zərər "Qalatasaray"a oldu. Çünki yayımdan və biletdən ən çox qazanan klub biz idik. Oyunların azarkeşsiz keçiriləcəyini nəzərə alsaq, 105 milyon lirəlik ziyana uğradıq. Ancaq "Qalatasaray" bu yükün altından çıxa biləcək səviyyədədir".
Mustafa Cengiz klubun idmançılarından maaşlarında fədakarlıq etmələrini istədiklərini söyləyib: "Bizim kimi camiələrdə qəhrəmanlar, fədakarlar hər zaman olub. Heç kimdən can fədası tələb etmirik. Sadəcə, sıxıntılı dönəmi aşmaq üçün peşəkar idmançılarımızdan fədakarlıq istədik. İdmançılarımız öz aralarında məsələni müzakirə edirlər. Sağ olsun, kapitanımız Səlçuk İnan istəyimizi müsbət cavablandırdı. Sponsorlarımız da yanımızdadırlar. Onlardan illik gəlirimiz 220 milyon lirədir. Həvəskar komandalarımızın, şöbələrimizin fəaliyyətini dayandırması müzakirə mövzusu belə deyil. Bizim B və C planlarımız var".
Qeyd edək ki, Türkiyə Super Liqası XXVI tur matçlarından sonra dayandırılıb. Hazırda aktivində 50 xalla 3-cü pillədə qərarlaşan "Qalatasaray" liderlər olan "Trabzonspor" və "Başakşəhər"dən 3 xal geri qalır.