İDMAN

14 Aprel

AVRO-2020: BOS qrupdakı bütün oyunları qəbul etməyə hazırdır

İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunun futbol üzrə Avropa çempionatının oyunlarından imtinası təqdirində, Bakı Olimpiya Stadionu (BOS) A qrupundakı bütün qarşılaşmaları qəbul etməyə hazırdır.  

Fins.az xəbər verir ki, bu barədə "Report"a BOS-un direktoru Cavid Qarayev məlumat verib. C.Qarayev infrastruktur baxımından arenanın oyunları qəbul etməyə tam hazırlıqlı olduğunu bildirib: "Bu məsələni ilk olaraq, AFFA ilə danışmalıdırlar. Matçları qəbul etmək üçün isə hər şey hazırdır".

Direktor belə olacağı halda, ardıcıl günlərdə oyunlarının keçirilməsinin BOS-un ot örtüyünə ziyan vurmayacağını vurğulayıb: "Heç bir ziyanı olmayacaq. Əksinə, faydasını görəcəyik və bu, bizim üçün təcrübə olacaq. Başa düşürük ki, hazırlıq işlərinin görülması çətin olacaq, amma biz arena, komanda və infrastruktur olaraq buna hazırıq". 

BOS rəsmisi bəzi şəxslərin hələ də AVRO-2020-nin təxirə salınmasından xəbərdar olmadığını sözlərinə əlavə edib: "Bütün yazılarda AVRO-2020 qeyd olunur, belə olanda da camaat elə bilir ki, bu yay keçiriləcək. Loqosu və adı dəyişməyib, ona görə də səhv edirlər, məlumatı düzgün almırlar. Mütləq qeyd olunmalıdır ki, söhbət 2021-ci ildən gedir".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.  

Qalan 10 təşkilatçı şəhər Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) olmalıdır. Koronavirus pandemiyasından ən çox əziyyət çəkdikləri üçün İtaliya və İspaniyanın Avropa çempionatının təşkilatçılığından imtina edəcəyi bildirilir.