İDMAN

25 Mart

Ronaldu iki klubdan təklif alıb

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunu tərk etmək istəyir. Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçunun xidmətində Fransa PSJ-si ilə İngiltərə "Mançester Yunayted"i maraqlıdır. 

Hər iki klub təcrübəli forvarda təklif ünvanlayıb. PSJ İspaniya "Barselona"sına dönüşü gündəmdə olan Neymarı Ronaldu ilə əvəzləmək istəyir. Lakin təcrübəli forvard 2003 - 2009-cu illərdə formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmağa daha meyllidir. Lakin bu, "qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. "Mançester Siti"nin UEFA tərəfindən məruz qaldığı sanksiya hazırda 5-ci yerdə gedən "Mançester Yunayted"in ən nüfuzlu klub turnirinə yolunu aça bilər. 

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir və transfer qiyməti 75 milyon avrodur. Bu mövsüm Ronaldu klub səviyyəsində bütün yarışlarda 32 oyunda 25 qol və 4 məhsuldar ötürmə müəllifi olub.