İDMAN

13 Mart

UEFA avrokubokların formatını dəyişə bilər

UEFA Çempionlar Liqası və Avropa Liqasının "pley-off" oyunlarını yeni formatda davam etdirmək niyyətindədir. 

Fins.az-ın verdiyi məlumata görə, 1/4 final mərhələsi bir görüşdən ibarət ola bilər. Bu matçın neytral meydanda və ya püşk yolu ilə ev sahibini müəyyənləşdirməklə təşkili mümkündür. Daha sonra standart yarımfinal və final qarşılaşmaları əvəzinə UEFA mini-turnir keçirmək niyyətindədir. 

Qeyd edək ki, hələlik Çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunu keçirilib. Növbəti mərhələyə Fransanın PSJ, Almaniyanın "Leyptsiq", İspaniyanın "Atletiko" və İtaliyanın "Atalanta" klubları çıxıb. Qalan oyunlardan "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) və "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri qeyri-müəyyən vaxta təxirə salınıb. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) qarşılaşmaları martın 18-də keçirilməlidir. 

Qeyd edək ki, UEFA-nın martın 17-də Çempionlar Liqası və Avropa Liqasını dayandıracağı gözlənilir. Yeni format turnirlər bərpa olunduqdan sonra nəzərdə tutulub.