İDMAN

13 Mart

Avropa Liqası: "Şaxtyor" və "Bayer" qələbə qazandı, "Vulverhempton" heç-heçə etdi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından daha 3-ü başa çatıb. "Report"un məlumatına görə, qarşılaşmaların ikisində qonaqlar qələbə qazanıbsa, biri heç-heçə ilə yekunlaşıb. 

Ukrayna "Şaxtyor"u Almaniyada azarkeşsiz keçirilmiş görüşdə "Volfsburq"u məğlub edib - 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.

Almaniyanın digər təmsilçisi "Bayer" Şotlandiyada "Reyncers" üzərində inamlı qələbə qazanıb - 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.

İngiltərə "Vulverhempton"u Yunanıstanda "Olimpiakos"la heç-heçəyə nail olub - 1:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı "18-liy"ə daxil edilməyib.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunlarında İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i Almaniyada "Frankfurt"u 3:0, "Başakşehir" isə Türkiyədə Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yenib.

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) qarşılaşmaları isə koronavirus səbəbindən təxirə salınıb.

Avropa Liqası

1/8 final, ilk oyunlar

13 mart

00:00. "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3

Qollar: George Edmundson, 75 - Kay Haverts, 37 (pen.). Çarles Arangis, 67. Leon Beyli, 88

00:00. "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2

Qollar: Con Bruks, 48 - Junior Moraeş, 17. Markos Antonio Silva, 73

İstifadə olunmamış penaltilər: Vaut Veqhorts, 45+2 - Viktor Kovalenko, 22

00:00. "Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə) - 1:1

Qollar: Yussef El-Arabi, 54 - Pedru Netu, 67

Qırmızı vərəqə: Ruben Semedu, 29 ("Olimpiakos")

Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.