Qışın gözəlliyi hər yanın ağ örpəyə bürünməsidir. Qışda dincəlmək üçün ən çox üz tutulan məkanlardan biri Qəbələdə yerləşən Tufandağ kompleksidir.
Xizək sürmək istəyənlər, qış ab-havasında olmaq istəyənlər buranı özləri üçün sevimli məkan olaraq seçirlər.
Biz də bir qrup jurnalist olaraq, Tufandağ kompleksinə media-tur çərçivəsində yola düşdük.
Turizm obyekti Qəbələ şəhərindən təxminən dörd km aralıda yerləşir. Burada müxtəlif əyləncə növlərindən istifadə etmək mümkündür.
1000 metr şaquli eniş, dörd kanat xətti,15 km xizək yamacları var.
Xizək ayaqqabılarını ilk dəfə geyinənlər üçün yaşıl və mavi yamaclardan ən çətin qara yamaclaradək bütün çətinlik dərəcələrinə uyğun yollardan istifadə mümkündür.
Tur çərçivəsində “Gabala Hotel Group”un 2020-ci ildə Qəbələdə turizmın inkişafına dair olan planları ilə bağlı “Qafqaz Riverside” Hotelində mətbuat konfransı keçirilib.
Konfransda Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Könül Nuriyeva, “Gabala Hotel Group”un baş icraçı direktoru Şəbnəm Fərman və “Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin direktoru Elvin Rəhimov jurnalistlərin suallarını cavablandırıb.
Könül Nuriyeva Qəbələnin 2020-ci il İslam Turizm Paytaxtı seçilməsi münasibətilə DTA tərəfindən 2020-ci ili əhatə edən tədbirlər planının artıq hazır olduğunu, tezliklə mətbuata geniş məlumat veriləcəyini bildirib.
Tədbirlər planı çərçivəsində Qəbələyə həm texniki, həm də təşkilati dəstəyin göstərilməsi, o cümlədən, regiondakı turistlərlə əlaqəli iş yerlərində, bilavasitə hotellərdə, informasiya mərkəzlərində, restoranlarda və digər xidmət sahələrində çalışan əməkdaşlara təlimlərin keçirilməsi nəzərdə tutulub.
Könül Nuriyeva qeyd edib ki, 2019-cu ildə Qəbələyə 26122 nəfər turist gəlib.
Agentlik və “Gabala Hotel Group”un məqsədi bu sayı daha da artırmaqdır.
“Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin direktoru Elvin Rəhimov bildirib ki, beynəlxalq sərgilərdə iştirakın və təbliğat-təşviqat kampaniyalarının nəticəsi olaraq artıq Qəbələyə ənənəvi olmayan Hindistan, Çin, Malaziya kimi ölkələrdən də turist axını başlayıb:
“2020-ci il üçün hədəf həm bu ölkələrdən, həm də Avropa ölkələrindən gələn turist sayında artıma nail olmaqdır. Bununla bağlı qış mövsümün açılışı ilə birlikdə həm hotellərdə, həm də Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində qiymətlərə endirimlər edilib.
Yay mövsümündə olan turist axınını qış mövsümü üçün də intensivləşdirmək, həmçinin, xizək mədəniyyətini inkişaf etdirib, yerli və xarici turistlərdə daimi maraq yaratmaq məqsədilə keçən illə müqayisədə, qrupdaxili bütün xidmətlərə minimum 20 faiz endirim tətbiq olunub”.
Bundan əlavə, Qəbələnin qış mövsümündə yalnız xizək sürənlər üçün deyil, bütün turistlər üçün cəlbedici edən etnoqrafik, tarixi, həm də infrastruktur baxımından zəngin turizm potensialına malik olduğu bildirilib.
E.Rəhimov Qəbələnd istirahət parkı, Qəbələ Atıcılıq Klubu, Qəbələ Dövlət Tarix Bədii Qoruğu, turistlər üçün müxtəlif turlar təşkil edən Savalan Şərab Zavodu, həm yerli, həm xarici turistlərin maraqlı zaman keçirdikləri Yeddi Gözəl Şəlaləsi, Nohur Göl və tarixi, etnoqrafik əhəmiyyəti olan Nic qəsəbəsi ilə bağlı da məlumatlar verib.
Son olaraq, “Gabala Hotel Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman 2020-ci il üçün qrupun planlarından danışıb.
O bildirib ki, qrup 1 oktyabr 2019-cu ildən fəaliyyətə başlayıb:
“Qrupun tərkibinə Qafqaz hotellər şəbəkəsinə aid altı hotel və Tufandağ QYTİK daxildir. Hotellərdən üçü premium olan “Qafqaz Riverside”, “Qafqaz Tufandağ Mountain Resort” və “Qafqaz Resort” hotelləri, həmçinin, beşulduzlu hotel olan “Qafqaz Sport” hoteli və iki dördulduzlu hotel “Qafqaz Karvansaray” və “Qafqaz Thermal and SPA” hotelləridir”.
İcraçı direktor qeyd edib ki, “Gabala Hotel Group”un 2020-ci il üçün olan strategiyasınının əsası Qəbələ hotellərini və Tufandağ Qış Yay Turizm İstirahət Kompleksini yerli və xarici turistlər üçün dörd fəsil cəlbedici etməkdir:
“Bu hədəfə nail olmaq məqsədilə qrup Qəbələ regionunun ümumi inkişafı və tebliğatı yönümlü işlərdə yerli idarəetmə orqanları, həmçinin, Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq edir və 2020-ci il üçün birgə tədbirlər planı həyata keçirir. Bundan əlavə, yeni turizm məhsullarının və xidmətlərin yaradılması, eləcə də, mövcud xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması qrupun strategiyasınin əsas istiqamətlərindəndir”.
Ş.Fərman əlavə edib ki, Qəbələdə 2020-ci ildə turizmin bir çox istiqaməti üzrə layihələrin yekunlaşdırılması nəzərdə tutulub:
“Bunlara tarixi və etnik turizmin inkişafı istiqamətində tarixi Nic kilsələrindən daha birinin restavrasiya işlərinin yekunlaşdırılması, eko-turizmə dəstək verəcək planların tərkib hissəsindən biri olan kəndlərə yol və körpü tikintilərinin tamamlanması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, tarixi turizmin inkişafına dəstək olaraq yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında Qəbələnin 2500 illik tarixinə, etnoqrafiyasına və folkloruna həsr olunan toplunun təqdimat mərasimi keçirilib.
2020-ci ildə toplunun rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub ki, bu da tarixi turizmin inkişafı üçün çox əhəmiyyətli resurs mənbəyi olaraq turizm sektorunda istifadə olunacaq. Həmçinin, yekunlaşmaqda olan Bakı-Qəbələ dəmir yolu xəttinin bu ilin yay mövsümündə fəaliyyətə başlaması Qəbələyə gələcək turist sayının artımına əhəmiyyətli təsir edəcək”.