
“Smart tələbə kart” layihəsinə Bakı Dövlət Universiteti də qoşulub
Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq kart təşkilatı və “Kapital Bank” ASC-nin dəstəyi ilə Bakı Dövlət Universiteti (BDU) də “Smart tələbə kartı” layihəsinə qoşulub.
Fins.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, mövcud pandemiya şəraiti nəzərə alınaraq emissiya edilmiş smart tələbə kartları BDU-ya təqdim edilmiş və universitet tərəfindən tələbələrə çatdırılacaqdır.
“Smart tələbə kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrə ödəniş funksionallı tələbə kartları təqdim edilmişdir və bu layihənin cari ilin sonunadək ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki,smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricində istənilən ödənişlərin həyata keçirilməsi imkanını əldə edəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Eyni zamanda, tələbələr smart kartlardan universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq
Müəllif:Aynur Qəniyeva