Elm

24 Fevral

AMEA-nın 2025-2030-cu illər üçün yol xəritəsi təqdim edilib

Finss.az - AMEA-nın Ümumi Yığıncağında, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsini təqdim edib.

Konsepsiya iki əsas bölmədən ibarətdir. Birinci bölmə qlobal çağırışlar, yeni inkişaf meylləri, elmi-təşkilati fəaliyyətlər və Akademiyanın yeni hüquqi statusu ilə bağlı məlumatları ehtiva edir. İkinci bölmədə isə “Yol Xəritəsi”nin icrası üçün tədbirlər və strategiyalar yer alır. Sərxan Xavəri qeyd edib ki, bu konsepsiya, ölkənin yeni geosiyasi reallıqları və elmin inkişafı istiqamətində atılacaq növbəti addımlar üçün mühüm əhəmiyyət kəsb edir.

Məruzəçi konsepsiyanın hazırlanmasının üç əsas amillə izah olunduğunu bildirib: qlobal inkişaf tendensiyaları, yeni geosiyasi reallıqlar və Azərbaycanın elmi inkişaf mərhələsi. O, həmçinin Akademiyanın əsas hədəflərinin müasir nəzəri-metodoloji səviyyədə araşdırmalar aparmaq, ictimai və humanitar elmləri inkişaf etdirmək və elmi koordinasiyanı yeni keyfiyyətə qaldırmaq olduğunu vurğulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, layihənin nəzərdə tutulan müddəalara uyğun hazırlandığını qeyd edib və İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib. Nəticədə, layihə AMEA-nın Ümumi Yığıncağının müvafiq qərarı ilə təsdiq olunub.